2022-07-25

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Türkiyə Cümhuriyyətinin Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüşüb

25 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Türkiyə Cümhuriyyətinin Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüşüb.

Qardaş Türkiyənin Səfirini Gürcüstanda Azərbaycan Bayrağının dalğalandığı məkanda, Azərbaycan Respublikasının Səfirliyində səmimi qəlbdən salamlayan Səfir F.Quliyev əziz həmkarı olan cənab Ali Kaan Orbayı Gürcüstandakı missiyaya başlanması münasibətilə təbrik edib. O, İki Dövlət – Bir Millət Azərbaycan və Türkiyənin Gürcüstandakı diplomatik missiyaları arasında bərqərar olunmuş sıx işbirliyindən bəhs edərək, bu qardaşlıq ənənələrinin davam olunmasına dair əminlik bildirib.

Qəbula görə təşəkkür ifadə edən Səfir A.K.Orbay də öz tərəfindən Gürcüstan dövlət başçısına etimadnamənin təqdim edilməsindən sonra Tbilisidə akkreditə olunmuş diplomatik korpus çərçivəsində ilk nəzakət səfərinin məhz Azərbaycan Səfirliyinə etdiyini vurğulayaraq, bunun rəmzi xarakter daşıdığını söyləyib. Səfir A.K.Orbay Gürcüstanda məsul missiyaya başladığı ilk anlarından etibarən hər zaman Azərbaycan Səfirliyi ilə birgə səylərin göstərəcəyinə dair əminlik ifadə edib.

Eyni zamanda, tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsini apardılar.

Arxiv üzrə axtarış