2022-05-07

Tbilisidə “Şuşa İli”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili gecə keçirilib

Konsert Azərbaycanın Gürcüstandakı səfirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim, hər iki ölkənin səfirliklərinin əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyi İdarə Heyətinin sədri Nəriman Qurbanov, Qarabağ müharibəsində şəhid olanların, Xocalı qurbanlarının yaxınları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, diplomatik korpusun, azərbaycanlı gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, konsert Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad olunmasına həsr olunub. Diplomat qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Azərbaycanda “Şuşa İli” elan olunub. İl ərzində həm Azərbaycanda, həm də xarici ölkələrdə “Şuşa İli”nə həsr olunan silsilə tədbirlər keçirilir. Bu gün Tbilisidə, Vaxtanq Salaridze adına bu möhtəşəm zalda “Şuşa İli”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili gecə də həmin tədbirlərdən biridir.

Bu cür tədbirlər Gürcüstanın bölgələrində də təşkil olunacaq.

Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim və başqaları çıxış edərək fikirlərini bölüşüb, Azərbaycan xalqını qələbə münasibətilə bir daha təbrik ediblər.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Səhnədə quraşdırılmış ekranda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfərlərini, əsgərlərimizin azad etdiyi ərazilərdə ucaltdıqları bayraqların, Şuşanın, Xarıbülbülün şəkilləri və video görüntüləri nümayiş olunub.

Konsertdə “Qarabağ Şikəstəsi”, “Xurşidbanu Natəvan” səhnəciyi, “Bu gecə yuxuma girmişdi Şuşa”, “Xarıbülbül”, “Şuşa sən azadsan” şerləri, “Vətənimsən Azərbaycan” şer-kompozisiyası, “Cənnətim Qarabağ” rəqsi və digər musiqi nömrələri alqışlarla qarşılanıb.

Musiqi gecəsi Azərbaycan Prezidentinin çıxışı və “Qarabağ Azərbaycandır” sözləri ilə başa çatıb.

Arxiv üzrə axtarış