2022-05-06

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin sədr müavini Levan İoseliani ilə görüş keçirib

6 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin sədr müavini Levan İoseliani ilə görüş keçirib.
Səfiri salamlayan L.İoseliani Gürcüstanla Azərbaycan arasında möhkəm zəmin üzərində inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinin vacibliyini önə çəkib. O, bu istiqamətdə parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın Gürcüstana etdiyi son rəsmi səfəri təqdir edib.
Ölkəmizin ünvanına söylənilən xoş sözlərə görə təşəkkür bildirən Səfir F.Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qonşu Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərimizin təşviq edilməsinə yetirdiyi diqqəti vurğulayıb. O, dövlətimizin atdığı bütün addımların bu qəti mövqeyə əyani sübut olduğunu qeyd edib. Səfir həmçinin Cənubi Qafqaz bölgəsində ümumi sülh və qarşılıqlı faydalı əməkdaşlıq abı-havasının bərqərar olunmasının vacibliyini qeyd edərək, Gürcüstan Hökumətinin bu istiqamətdə göstərdiyi təşəbbüsləri təqdir edib.
Söhbət əsnasında tərəflər iki ölkənin Parlamentləri səviyyəsində fəal əməkdaşlığın, o cümlədən beynəlxalq platformalarda həmrəyliyin və müxtəlif konkret istiqamətlər üzrə tərəfdaşlığın vacibliyini vurğulayıblar.
Həmçinin görüş zamanı qarşılıqlı maraq doğuran beynəlxalq gündəliyin digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb və tərəflərin onlara dair ümumi təməl prinsiplərə əsaslanan yanaşma nümayiş etdirdiyi məmnuniyyətlə qeyd olunub.
Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminliyi ifadə ediblər.

Arxiv üzrə axtarış