2022-02-21

Tbilisidə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan rəssamlarının əsərlərindən sərgi açılmışdır

20 fevral 2022-ci il tarixində Səfirliyin təşəbbüsü, Heydər Əliyev Fondu və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin sərgi salonunda “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilmişdir.

Tədbirdə geniş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev “Xocalıya Ədalət” kampaniyasının əyani çağırışı olan bu sərginin açılış mərasiminə gəlmiş bütün qonaqlara, Gürcüstandakı soydaşlarımıza, bu ölkənin tanınmış elm və mədəniyyət xadimlərinə, habelə hal-hazırda Gürcüstan sakini olan Xocalı soyqırımı şahidlərinin ailə üzvlərinə xüsusi təşəkkür bildirmişdir.

Səfir Xocalı faciəsinin dəhşətli tarixçəsini xatırlatmış, xalqımızın qan yaddaşında əbədi həkk olunmuş faktları bir daha yada salmışdır. O, soyqırımı aktından dərhal sonra faciəyə beynəlxalq müstəvidə lazımi reaksiyanın bildirilməməsi səbəbindən eyni tipli faciələrin təkrar olunmasına şərait yaratdığını təəssüflə qeyd etmişdir. Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi prosesinin Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlandığını və getdikcə daha geniş vüsət aldığını, 2008-ci ildən etibarən isə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində davam etdiyindən bəhs edən Səfir bu kampaniya sayəsində əldə edilən nailiyyətlər barədə məlumat vermişdir.

O, Xocalı soyqırımını törədən hərbi cinayətkarların xalqımızın əzmini sındırmaq üzrə məqsəd güddüyünü bildirmiş, lakin nəticənin tam əksinə olaraq xalqımızın iradə və qətiyyətinin güclənməsi, millətimizin daha da mətinləşməsinə gətirdiyini vurğulamışdır. Məhz onun sayəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında və bütün Azərbaycan xalqının, o cümlədən Gürcüstanda yaşayan yüz minlərlə soydaşlarımızın vahid amal ətrafında birləşməsi, mənəvi və əməlli həmrəyliyi yolunda Vətən müharibəsində şanlı Zəfər əldə edilmiş, Azərbaycan öz beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmişdir. Beləliklə də Xocalı faciəsinin günahsız qurbanların və çoxsaylı şəhidlərimizin müqəddəs qanları yerdə qalmamışdır.

Gürcüstanda “Xocalıya Ədalət” çağırışının xüsusi əhəmiyyətini vurğulayan Səfir F.Quliyev beynəlxalq Ədalətin zəfər çalacağına dair əminlik ifadə etmişdir. O, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin Gürcüstana başlanan rəsmi səfəri çərçivəsində ilk tədbirin məhz “Xocalıya Ədalət” kampaniyası ilə əlaqədar olduğunu rəmzi xarakter daşıyan hadisə adlandırmış və buna görə Nazirə xüsusi təşəkkür bildirmişdir. Səfir F.Quliyev çıxışının sonunda hamını “Xocalıya Ədalət” çağırışına səs verməyi dəvət etmiş və dünya ictimaiyyətinin Xocalı soyqırımı tanımalı olduğunu bəyan etmişdir.

Azərbaycanın Təhsil naziri Emin Əmrullayev Xocalı faciəsinin səbəbləri, ona gətirən yolun azərbaycanlı əhalinin Ermənistan SSR-dən zorla didərgin salınması və Azərbaycana qarşı ərazi iddiaların irəli sürülməsindən başladığı barədə tarixi faktları xatırlatmışdır. O, Xocalı soyqırımının yalnız Azərbaycan və azərbaycanlıların deyil, bütün bəşəriyyətin, hər bir insanın faciəsi olduğunu vurğulamış və bütün dünyada bu faciə ilə bağlı ədalət səsinin ucaldılmasına dəvət etmişdir.

Nazir E.Əmrullayev Xocalıda hərbi cinayətlər törətmiş cəlladların Vətən müharibəsi dövründə də eyni yanaşmaya sadiq qalaraq cəbhə həttindən tamamilə kənarda yerləşən dinc əhaliyə qarşı zərbələr endirdiyi və nəticədə məktəb şagirdlərinin də şəhid olduğu barədə acı həqiqətlərdən bəhs etmişdir.

Azərbaycanın Vətən müharibəsi ilə ərazi bütövlüyünə qovuşduğunu bildirən Nazir Xocalıda qətlə yetirilən bütün günahsız qurbanların heç vaxt unudulmayacağı və unutdurulmayacağını vurğulamışdır.

Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Gürcüstandakı Səfirinin müavini Onur Sevim Xocalı soyqırımını yalnız azərbaycanlıların faciəsi deyil, insanlıq üçün də qara ləkə olduğunu bildirmiş və Xocalı faciəsinin azərbaycanlılarla yanaşı, türk dünyasının qəlbində də böyük yara açdığını söyləmişdir. O, təmsil etdiyi ölkənin hər zaman Azərbaycanla birgə olub, bundan sonra da "Bir millət, iki dövlət" şüarına sadiq qalaraq azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcəyini vurğulamışdır.

Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Tertsvadze öz çıxışında iki qonşu və dost ölkə arasında tarixi tale oxşarlığı və sıx əlaqələrini vurğulayaraq, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, gürcü xalqının da ürəyində sağalmaz bir yaradır. O, sevincli günlərdə olduğu kimi, belə ağır, kədərli günlərdə də həmrəy olmasının vacibliyinə diqqət yetirmişdir. Rəssamlar, incəsənət və mədəniyyət xadimlərinin öz əsərlərində bu faciələri əks etdirməli, bütün nəsillərə çatdırmal olduğunu deyən Q.Tertvadze bu cür cinayətləri törədənlərə qarşı birgə mübarizə aparılmasının zərurətindən bəhs etmişdir.

Tədbirdə çıxış edən Xocalı faciəsinin şahidləri olmuş, bu qətliamda ailə üzvləri və yaxın qohumlarını itirmiş, hal-hazırda isə Gürcüstanın Marneuli bələdiyyəsinin sakinləri olan Solmaz və Aqnet Çıldırlı, Gülnarə və Zərifə Bayramovalar, Lətifə Şabanova göz yaşları ilə öz acı xatirələrlə bölüşmüş, “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən bu sərginin ərsəyə gətirilməsinə görə Səfirliyə və Heydər Əliyev Fonduna, Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirmişdirlər.

Sərginin açılış mərasimi KİV-in marağını doğurmuş və mediada işıqlandırılmışdır.

“Xocalıya Ədalət” rəsm əsərlərindən ibarət sərgisi yaxın günlər ərzində ziyarətçilərə açıq olacaqdır.

Arxiv üzrə axtarış