2022-01-20

Tbilisidə Gürcüstanın Milli Parlament Kitabxanasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilmişdir.

Anım mərasimi Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Mərasimdə Gürcüstanın Xarici İşlər nazirinin birinci müavini Laşa Darsaliya, dövlət və hökumət rəsmiləri, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Marneuli şəhərinin meri Kənan Ömərov, Gürcüstan Parlamentinin deputatları Zaur Darğallı və Savalan Mirzəyev, azərbaycanlı və gürcü ziyalılar, iş adamları, gənclər iştirak etmişlər.
 
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsindən bəhs edən fotosərgi ilə tanış olmuşlar. Sonra 20 Yanvar və 1989-cu ilin aprelin 9-da Tbilisidə baş vermiş qanlı hadisələrin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev tədbirdə çıxış edərək Azərbaycan xalqının müstəqillik uğurundakı mübarizəsindən bəhs etmiş, 20 Yanvar faciəsinə aparan hadisələri şərh etmişdir. Qeyd etmişdir ki, 20 Yanvar hadisələri xalqın müstəqillik uğurundakı mübarizəsinin dönüş nöqtəsi olmuşdur. Diplomat ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə hüquqi qiymətin verilməsində əvəzolunmaz və böyük rolunu xüsusi qeyd etmişdir. 
 
F.Quliyev xüsusilə vurğulamışdır ki, dahi şəxsiyyət və müdrik siyasətçi Heydər Əliyev faciədən sonra ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqla həmrəylik nümayiş etdirmiş, sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı törətdiyi dəhşətli cinayətə kəskin etirazını bildirmiş və təşkilatçıları ifşa etmişdir. Sonra Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya çıxış edərək Azərbaycan xalqına başsağlığı vermişdir. Bildirmişdir ki, Gürcüstanda 9 Aprel, Bakıda 20 Yanvar qırğınlarını törədənlər xalqlarımızın mübarizlik əzmini qıra bilməyiblər. Hər iki xalq çətin də olsa öz müstəqilliyini bərpa edib. Bu gün Azərbaycan ilə Gürcüstan strateji tərəfdaş olaraq müstəqil dövlət kimi inkişaf edir, regionda və dünyada sülhün, əmin-amanlığın bərpa olunmasında mühüm işlər görürlər. Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxış edərək deyib ki, Azərbaycanın müstəqilliyi 20 Yanvar şəhidlərinin qanı bahasına əldə olunub. Otuz iki il əvvəl şəhid olanların ruhu 2020-ci ildə Azərbaycanın Zəfəri ilə rahatlıq tapmışdır. 
 
Daha sonra 20 Yanvar hadisələrinin şahidi, gürcüstanlı jurnalist Bəhram Mehdi, Gürcüstanın Əməkdar artisti, 9 Aprel hadisələrinin şahidi Nana Abaşidze faciələrlə bağlı acı xatirələrini bölüşüblər. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib. Azərbaycanın Əməkdar artistləri – pianoçu Nərgiz Əliyeva və kamança ustası Fəridə Məlikova, violençelist Giorgi İmanov musiqilər ifa etmişlər. Gürcüstan Pantomima Teatrının aktyorları Vaso Kiporoidze və Tata Qvasaliya 20 Yanvar və 9 Aprel faciələrinin ağrı-acısını, iztirablarını əks etdirən səhnəciklə çıxış etmişlər.

Arxiv üzrə axtarış