2021-11-01

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Almaniya Federativ Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş ilə görüşüb

1 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Almaniya Federativ Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş ilə görüşüb.

Qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev Almaniya həmkarına Azərbaycanın bölgədə apardığı siyasət, o cümlədən tarixən ölkəmizin mehriban qonşusu olan Gürcüstan ilə strateji tərəfdaşlıq münasibətlərinin təşəkkül tapması, onların bu günü və gələcək üçün perspektivləri barədə təsviredici məlumat verib. Bu sırada o, təqribən 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini xüsusilə vurğulayıb.

Səfir H.Knirş öz tərəfindən təmsil etdiyi dövlətin Cənubi Qafqazda cərəyan edən proseslərin maraqla izlədiyini bildirərək, Azərbaycanın bölgədə aparıcı rol oynadığını qeyd edib. Almaniya Səfiri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsini bölgə əməkdaşlığına daha da münbit şərait yaradacağına ümidvar olduğunu qeyd edib. O, Azərbaycanın təşəbbüsü və əsaslı iştirakı ilə Cənubi Qafqazda gerçəkləşən və Gürcüstan üzərindən keçən nəhəng enerji və nəqliyyat layihələrinin oynadığı mühüm rol üzərində dayanaraq, təmsil etdiyi ölkədə Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə diqqətlə yanaşıldığını söyləyib.

Bu xüsusda, Azərbaycanla Almaniya arasında mövcud əlaqələr, o cümlədən qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın, eləcə də hər iki ölkənin Gürcüstanla tərəfdaşlığının daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Bölgədə yaradılan yeni reallıqların bu əməkdaşlığa yeni təkan verə biləcəyinə dair ümumi qənaətə gəlinib.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə etmişdirlər.

Arxiv üzrə axtarış