2021-10-21

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev İsveçrənin Gürcüstandakı diplomatik missiyasının başçısı Kristian Şönenberger ilə görüşüb

Qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev İsveçrə həmkarına Gürcüstanda yerinə yetirdiyi missiyada uğurlar diləyıb. Son müddət ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq, o, təqribən 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini söyləyib.

Səfir K.Şönenberger öz tərəfindən təmsil etdiyi dövlətin Cənubi Qafqazda cərəyan edən proseslərin maraqla izlədiyini bildirərək, Azərbaycanı beynəlxalq səviyyədə tanınmış sərhədlərin bərpa edilməsi münasibəti ilə təbrik edib. O, Cənubi Qafqazda gerçəkləşən enerji və nəqliyyat layihələrinin oynadığı mühüm rol üzərində dayanaraq, SOCAR-ın Avropa bazarında, o cümlədən təmsil etdiyi ölkədə fəaliyyətini yüksək dəyərləndirib.

Bu xüsusda, Azərbaycanla İsveçrə arasında bərqərar olunmuş uğurlu qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin, eləcə də hər iki ölkənin Gürcüstanla əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Bölgədə yaradılan yeni reallıqların bu əməkdaşlığa, eləcə də humanitar sahədə fəallaşmaya yeni təkan verə biləcəyinə dair əminlik ifadə edilib.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə etmişdirlər.

Arxiv üzrə axtarış