2021-05-28

28 May - Respublika Günü münasibətilə Tbilisidə bir sıra tədbir keçirilmişdir

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də səfirliyin əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları, ictimai xadimlər Tbilisidə Heydər Əliyevin adına parkda ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüşdürlər.

Tədbir iştirakçıları şəhərin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda AXC-nin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirələrini anmışlar.

Daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqilliyinin elan edildiyi indiki Milli Gənclər Sarayını ziyarət edərək, AXC-nin müstəqillik bəyannaməsinin oxunduğu zalın girişində yerləşən xatirə lövhəsinin önünə gül çələngi qoymuşdur.

Ziyarətdə Azərbaycan səfirliyinin əməkdaşları da iştirak edib. Səfir və əməkdaşları müstəqilliyin elan olunduğu zala baş çəkərək, xatirə şəkli çəkdirmişdirlər.

28 May - Respublika Gününə həsr olunan tədbirlərə Marneulidə davam etdirilmişdir.

Gürcüstanın Marneuli şəhərində 26 May – Gürcüstanın Müstəqillik Günü və 28 May - Azərbaycanın Respublika Gününə həsr olunan tədbir təşkil olunmuşdur.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Kvemo Kartli regionunun qubernatoru Şota Rexviaşvili, Gürcüstanın Xarici İşlər və Mədəniyyət, İdman və Gənclər nazirliklərinin nümayəndələri, Gürcüstan parlamentinin üzvləri Zaur Darğallı və Savalan Mirzəyev, Marneuli meriyasının nümayəndələri, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) rəhbəri Lev Spivak və digər şəxslər iştirak etmişdirlər.

F.Quliyev çıxışında Azərbayanın Respublika Gününün Gürcüstanda xüsusilə qeyd olunduğunu bildirərək, 103 il bundan öncə məhz Tbilisidə müsəlman Şərqində ilk demokratik respublikanın elan edildiyini xatırlatmışdır.

Səfir Azərbaycan və Gürcüstan arasında əlaqələrin tarixi köklərindən və ölkələr arasındakı hazırkı münasibətlərdən söz açaraq, iki dost və yaxın ölkə arasında dostluq əlaqələrinin bu gün də davam etdirildiyini qeyd etmişdir.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin Respublika Gününün qeyd edilməsinə ikiqat sevinc qatmasını vurğulanmışdır.

Daha sonra çıxış edən Ş.Rexviaşvili və Gürcüstan rəsmiləri Azərbaycan xalqını dövlət bayramı münasibətilə təbrik edərək dost və qardaş Azərbaycanla yanaşı Gürcüstan üçün də önəmli tarixin olmasını qeyd edtmişdir. Qonaqlar cıxış zamanı hər iki xalqın əsrlər boyu dostluq etdiyini və bu əlaqələrin bu gün də inkişaf etdiyini vurğulamışdırlar. Onlar, çıxışın sonunda Azərbaycan xalqına əmin-amanlıq və çiçəklənmə diləyiblər.

Çıxışlardan sonra təqdim olunan konsert proqramında gürcü rəqs qruplarının ifasında Azərbaycan və gürcü milli rəqsləri nümayiş etdirilib. Aşıq Nargilə Mehtiyeva və “İaloni” ansamblının nəğmələri, “Fire show” qrupunun təqdimatında “Natiq ritm qrupu”nun “Qarabağ” kompozisiyasının sədaları altında alov şousu və kikboksinqçi obrazında olan “canlı heykəllər” böyük maraqla qarşılanmışdır.

Sənət ustalarının çıxışlarından sonra Gürcüstan və Azərbaycanın dövlət bayramlarına həsr olunan mayın 26-dan start götürən kikboksinq turnirinin qalibləri mükafatlandırılıb, onlara medal və kuboklar təqdim edilmışdır.

Keçirilən tədbirlərin davamı olaraq 28 May - Respublika Günü münasibətilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən şəhərin əsas simvollarından olan və paytaxtının ən hündür nöqtəsi sayılan Mtatsminda parkındakı televiziya qülləsi və paytaxtın mərkəzi Azadlıq meydanında yerləşən tarixi Sakrebulo (Şəhər Şurası) binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmışdır.

Arxiv üzrə axtarış