2021-05-18

AR Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstana səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir

18 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri başlayıb. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Gürcüstanın dövlət qurumlarında bir sıra görüşlər keçiriblər. Onların sırasında Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Mədəniyyət, Gənclər və İdman nazirinin birinci müavini Kaxa Sixarulidze, Təhsil və Elm nazirinin birinci müavini Ekaterine Tqebuadze, Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət nazirinin müavini Lia Giqauri, Dini Məsələlər üzrə Dövlət Agentliyi sədrinin müavini Giorgi Ukleba, Hüquqi Yardım Xidmətinin direktoru Rajden Kupraşvili və Marneuli merinin v.i.e. Zaur Tabatadze, mer müavini Kənan Ömərov ilə məhsuldar görüşlər baş tutub. Bundan əlavə, M.F.Axundzadə adına Tbilisi şəhəri 73 nömrəli orta məktəbdə müəllim heyəti ilə görüş, eləcə də M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Nizami Gəncəvinin “Xəmsə”sinə aid əsərlərin gürcü dilinə tərcümə edilmiş nəşrlərin təqdimat mərasimi və digər tədbirlər təşkil edilib. Daha sonra Tbilisi, Dmanisi, Bolnisi, Qardabani, Marneuli rayonlarında soydaşlarımızla görüşlər keçirilib, onların problemləri dinlənilib, bu problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb, bir neçə şəhid ailələri ziyarət edilib.

Gürcüstan dövlət qurumlarında keçirilən görüşlər zamanı iki ölkə arasında bərqərar olmuş və uğurla inkişaf edən strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dost Gürcüstanla əlaqələrin daha da möhkəmləndirilməsi və müasir dövrün tələblərinə uyğun olaraq irəli aparılmasına yetirdiyi prioritet diqqət önə çəkilib və bunun bariz nümunəsi kimi Gürcüstan Baş naziri İrakl Qaribaşvilinin Azərbaycan Respublikasına son rəsmi səfəri vurğulanıb.

Gürcüstan azərbaycanlılarının tarixən iki ölkə və xalqlar arasındakı əlaqələrdə oynadığı rol xüsusi vurğulanıb, Gürcüstan vətəndaşları olaraq soydaşlarımızın ölkənin ictimai həyatında iştirak etmələri, onun inkişafına töhfələr vermələri qeyd edilib. Azərbaycan Respublikası tərəfindən Gürcüstanda Azərbaycan dilli orta məktəblərin Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə dərs vəsaitləri ilə təchiz edilməsi, habelə sözügedən ixtisas üzrə müəllim kadrlarının hazırlanması sahəsində əməkdaşlığın davam etdirilməsi, bu məktəblərdə gürcü dilinin tədrisinin keyfiyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə təhsil, mədəniyyət və digər sahələrdə Azərbaycan və Gürcüstan arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan əməkdaşlığın davam etdirilməsi məmnuniyyətlə vurğulanıb. Həmçinin, Azərbaycan tərəfinin müxtəlif sosial, humanitar və hüquqi yardım layihələrinə mühüm töhfələri təqdir edilib.

Bütün keçirilən görüşlər zamanı Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlığın xalqlarımızın mənafelərinə uyğun inkişaf etdirilməsi və hər iki tərəfin bu strateji seçimə sadiq qalmaları vurğulanıb. Azərbaycan-Gürcüstan əməkdaşlığının bütün sahələrdə olduğu kimi, ölkədə yaşayan soydaşlarımızla əlaqədar da uğurla davam etdiriləcəyinə dair əminlik ifadə edilərək, bu istiqamətdə hər iki tərəfin siyasi iradəsi məmnuniyyətlə vurğulanıb.

Həyata keçirilən sözügedən səfər Azərbaycan-Gürcüstan qarşılıqlı təmaslarının növbəti təzahürü olub və müvafiq sahələrdə əməkdaşlığın daha da irəli aparılmasına əlavə təkan verib.

Arxiv üzrə axtarış