2021-04-26

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Niderland Krallığının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Maaike van Koldam ilə görüşmüşdür

Səfiri Faiq Quliyev Niderland Krallığının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Maaike van Koldam ilə görüşmüşdür.

Qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev Niderland həmkarına Gürcüstandakı missiyanın yerinə yetirilməsində uğurlar diləmişdir. Son müddət ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq, o, təqribən 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirə biləcəyini demişdir.

Səfir M. van Koldam onun ölkəsinin Avropa Birliyinin üzvü olaraq Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişafında, bölgədə sabitliyin və tərəqqi üçün əlverişli şəraitin təmin olunmasında maraqlı olduğunu bildirmişdir. O, bölgəmizdə cərəyan edən prosesləri yaxından izlədiyini və akkreditə olduğu Gürcüstanda həm Hökumət, həm də vətəndaş cəmiyyəti sektoru ilə yaxından əməkdaşlıq etdiyini söyləmişdir.

Bu xüsusda, Azərbaycanın Cənubi Qafqazda aparıcı iqtisadı qüvvə olduğu nəzərə alınmaqla, ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin, eləcə də hər iki ölkənin müxtəlif formatlar çərçivəsində Gürcüstanla əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Bölgədə yaradılan yeni reallıqların bu əməkdaşlığa yeni təkan verə biləcəyinə dair əminlik ifadə edilmişdir.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair ümid ifadə etmişdirlər.

Arxiv üzrə axtarış