2021-04-26

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Braziliya Federativ Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Osvaldo Biato Junior ilə görüşmüşdür

26 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Braziliya Federativ Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Osvaldo Biato Junior ilə görüşmüşdür.

Qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev Braziliya həmkarına Gürcüstandakı missiyanın yerinə yetirilməsində uğurlar diləmişdir. O, ölkələrimizi ayıran böyük məsafəyə baxmayaraq, ikitərəfli münasibətlərin kifayət qədər fəal şəkildə inkişaf etdiyini, hər iki paytaxtda qarşılıqlı əsasda fəaliyyət göstərən səfirliklərin buna əyani sübut olduğunu söyləmişdir.

Qəbula görə təşəkkür ifadə edən Səfir O.Biato Junior də öz tərəfindən Braziliyanın ölkəmizlə və ümumiyyətlə Cənubi Qafqaz bölgəsi ilə əlaqələrinin tarixçəsindən bəhs etmiş, onların hazırkı mərhələdə müşahidə edilən səviyyəsindən danışmışdır.

Eyni zamanda, tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsini aparmışdırlar.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair ümid ifadə etmişdirlər.

Arxiv üzrə axtarış