2021-01-28

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə SOCAR arasında yerli fermerlərə dəstək üçün “Aqrodizel” layihəsinin həyata keçirilməsinə dair müqavilənin 2021-ci il üçün uzadılması ilə bağlı imzalanma mərasimi olmuşdur.

Sözügedən sənədi Gürcüstan tərəfindən Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili, SOCAR tərəfindən “SOCAR Petroleum Georgia” şirkətinin direktoru Levan Qiorqadze imzalamışlar. İmzalanma mərasimində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfir Faiq Quliyev, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov və adıçəkilən nazirlikdən digər rəsmilər iştirak etmişlər.
İmzalanma mərasimindən öncə keçirilmiş görüş zamanı nazir Levan Davitaşvili qonaqları salamlayaraq, pandemiya dövründə yerli fermerlərə dəstəklə bağlı irəli sürülmüş “Aqrodizel” layihəsinin həyata keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür etmiş, rəhbərlik etdiyi nazirlik ilə SOCAR arasında mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə etmişdir. O, sözügedən proqramın 2020-ci ildə uğurla yerinə yetirildiyini və bu əməkdaşlığın 2021-ci il ərzində də davam etdirilməsinin sevindirici hal olduğunu vurğulamışdır. Nazir bildirmişdir ki, ötən il bu proqram çərçivəsində Gürcüstanın aqrar sektorunun Azərbaycan mənşəli dizel yanacağı ilə təmin edilməsi davam etdirilmiş və bundan 125-dən çox fermer faydalanmış. Dizel yanacağının güzəştli qiymətlərlə satışı nəticədə yerli fermerlər 7.0 milyon laridən artıq qənaət əldə etmişlər.
Səfir Faiq Quliyev imzalanma mərasimində iştirakla bağlı dəvət üçün qarşı tərəfə təşəkkür edərək, iki ölkə arasında bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ölkələrimiz çətin günlərdə hər zaman bir-birinin yanında olmuş, dəstək göstərmişlər. Bir neçə il əvvəl Gürcüstanda kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlıq olduğu dövrdə texnikalarla bağlı çatışmamazlıq və böyük tələbat yaranmış, bu ehtiyac ödənilməsi üçün Azərbaycan tərəfi öz texnikalarını Gürcüstana göndərmişdir. Bu gün də, dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası şəraitində ölkələrimiz arasında həmrəylik və əməkdaşlıq davam etdirilir. Bu xüsusda, yerli fermerlərə dəstək göstərilməsi məqsədilə ötən il “Aqrodizel” layihəsinə start verilmiş və bunun icrası ilə bağlı SOCAR ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında müqavilə imzalanmışdır. Səfir bu layihənin iki ölkə arasında dost və qardaşlıq münasibətlərinin bir daha bariz nümunəsi olduğunu vurğulamışdır.
“SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bu proqramın pandemiya dövründə yerli fermerlərin üzləşdiyi çətinliklərin aradan qaldırılması məqsədilə icra edildiyini qeyd etmiş və layihənin 2020-ci il üçün nəticələrinin müsbət olduğunu söyləmişdir. O, bu sahədə əməkdaşlığa görə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə təşəkkür edərək, layihənin Gürcüstanda aqrar sektorun inkişafına töhfə verəcəyinə ümidini ifadə etmişdir.

Arxiv üzrə axtarış