2020-12-23

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev İran İslam Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Əkbər Qasemi Əliabadi ilə görüşmüşdür

23 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev İran İslam Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Əkbər Qasemi Əliabadi ilə görüşmüşdür.

Qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev iranlı həmkarını Gürcüstanda yeni missiyasının başlanması münasibətilə səmimi qəlbdən təbrik etmiş, fəaliyyətində ona uğurlar diləmişdir. Son müddət ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq, o, təqribən 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, eləcə də bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini demişdir. Həmçinin, səfir F.Quliyev söhbət əsnasında Azərbaycanın apardığı Vətən müharibəsində İran dövləti və xalqının ifadə etdiyi həmrəyliyə və göstərdiyi prinsipial mövqeyə görə Azərbaycan dövləti və xalqı tərəfindən minnətdarlığın bildirilməsini məmnuniyyətlə yada salmışdır.

Səfir Əkbər Qasemi Əliabadi öz tərəfindən İranla Azərbaycan arasında möhkəm zəmin üzərində qurulan münasibətlərin hər iki dost xalqının mənafelərinə xidmət etdiyini vurğulamışdır. O, Azərbaycan Respublikasını ərazi bütövlüyünün bərpa olunması uğrunda apardığı müharibədə şanlı Qələbə münasibətilə təbrik edərək, İranın bu ədalətli mövqeyə göstərdiyi dəstəyi bir daha önə çəkmişdir.

Bu xüsusda, görüşdə Azərbaycanla İran arasında bərqərar olunmuş mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin, eləcə də hər iki ölkənin Gürcüstanla əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması nəticəsində Cənubi Qafqaz bölgəsində müxtəlif formatlarda çoxtərəfli əməkdaşlıq üçün yaranan gözəl fürsətlər qeyd edilmişdir.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə etmişdirlər.

Meeting

Arxiv üzrə axtarış