2020-12-11

Vebinar: Ulu Öndərin Azərbaycan-Gürcüstan əlaqələrinin qurulmasındakı xidmətləri

Dekabrın 11-də Tbilisidə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş vebinar keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi vebinarda 70-dən çox icma üzvü və fəal soydaşımız iştirak edib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək ölkələrimiz arasındakı əlaqələrinin tarixindən danışıb, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən gürcü və Azərbaycan xalqlarının tarixi dostluğunu daha da inkişaf etdirməyə çalışıb.

Ümummilli Liderimizin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin birgə səyləri nəticəsində Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik şəraitində inkişafının əsası qoyulub. Azərbaycanın yeni neft strategiyasının əsasını qoyan “Əsrin kontraktı” imzalandıqdan sonra, məhz Heydər Əliyevin uzaqgörənliyi, təkidli tələbi sayəsində Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün əsas marşrut qismində yüz minlərlə soydaşlarımızın yaşadığı Gürcüstan seçilib, bununla da Cənubi Qafqaz hazırda mühüm beynəlxalq enerji və nəqliyyat magistrallarının keçdiyi geoiqtisadi regiona çevrilib.

Bildirilib ki, Ulu Öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu onun siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz İlham Əliyevin rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kəmərlərini birləşdirən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryol xətti reallaşdırılıb. “Qısaca desək, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsini biz 44 günlük Vətən müharibəsində gördük, mənfur düşmənimiz, bütün dünya Azərbaycan dövlətinin gücünün, qüdrətinin, siyasi-iqtisadi, hərbi inkişafının şahidi oldu”, - deyə səfir vurğulayıb.

Səfir 44 günlük Vətən müharibəsinin ilk günlərindən başlayaraq Gürcüstanda azərbaycanlıların Azərbaycan Ordusuna göstərdikləri dəstəyə görə minnətdarlıq edib.

Sonra Azərbaycanın Gürcüstandakı baş konsulu Pərviz İsmayılzadə, Gürcüstan parlamentinin sabiq deputatları Azər Süleymanov, Mahir Dərziyev, Ruslan Hacıyev, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, Azərbaycanlı İş Adamları Birliyinin İdarə heyətinin sədri Nəriman Qurbanov, Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, “Gaxa.ge” informasiya portalının redaktoru Nizami Məmmədzadə, “24 news.ge” portalının rəhbəri Azər Məmmədov, jurnalist Akif Xansultanlı, Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva professor Mahmud Kamaloğlu, teatrşünas Namiq Hacıyev, Nərgiz Əliyeva və başqaları çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanın demokratik, tolerant, güclü iqtisadiyyata və qüdrətli orduya malik dövlət kimi, dünyada öz layiqli yerini tutduğu xüsusi qeyd edilib.

Bildirilib ki, Ulu Öndərin əziz xatirəsi Gürcüstanda yaşayan soydaşlarımızın qəlbində yaşayır və daim yaşayacaq. Ümummilli Liderimizin əsasını qoyduğu Azərbaycan-Gürcüstan dostluğu bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Arxiv üzrə axtarış