2020-12-12

“Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Heydər Əliyevin rolu” mövzusunda videokonfrans

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Heydər Əliyevin rolu” mövzusunda videokonfrans keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümünə həsr olunub.

Konfransda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səfir Faiq Quliyev, Milli Məclisin Azərbaycan- Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Arzu Nağıyev, dostluq qrupunun üzvləri, GUAM Parlament Assambleyasında Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Vaqif Seyidbəyli, eləcə də ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə Dövlət müşaviri olmuş, ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov, “SOCAR Georgia”-nın baş direktoru Mahir Məmmədov, Azərbaycanın Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə, Gürcüstan tərəfindən xarici işlər nazirinin müavini Laşa Darsalia, Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze, parlamentin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kaxa Kuçava, Gürcüstanın Gəncə şəhərindəki baş konsulu Nikoloz İaşvili, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Nazirliyinin Kvemo-Kartli regionu üzrə nümayəndəsi Ayaz Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Səfir Faiq Quliyev çıxışında xalqımızın Ümummilli Liderinin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə dost ölkələrimiz arasında əlaqələrin daha da genişləndiyini və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov dahi şəxsiyyət Heydər Əliyevin Gürcüstan ilə əlaqələrə xüsusi önəm verdiyini, iki müstəqil dövlət arasında əlaqələrin təməlinin Ulu Öndərin Gürcüstana ilk rəsmi səfəri zamanı qoyulduğunu vurğulayıb.

Vətən müharibəsində Azərbaycan xalqının qazandığı parlaq Qələbədən bəhs edən nazir müavini 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etdiyini bildirib. Bu müddətdə Gürcüstanın göstərdiyi dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirib.

Laşa Darsalia ulu öndər Heydər Əliyevin Gürcüstanla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında danılmaz rolunun olduğunu, iki ölkə arasında dost və qonşuluq münasibətlərinin hazırda da yüksələn templə inkişaf etdiyini bildirib. O, Gürcüstanın daim Azərbaycanın yanında olacağını, Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafı üçün atdığı addımların bu gün Prezident İlham Əliyev ilə Gürcüstanın hazırkı rəhbərliyi tərəfindən davam etdirildiyini, əlaqələrimizin daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib.

Daha sonra konfrans plenar iclas ilə öz işinə davam etdirib.

İclasda səfir Zurab Pataradze, Vaqif Seyidbəyli, səfir Hidayət Orucov, Kaxa Kuçava, Arzu Nağıyev, Mahir Məmmədov, Elnur Allahverdiyev, Pərviz İsmayılzadə və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan ilə Gürcüstan arasında ziddiyyətlərin aradan qalxdığı, xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiyanın həyata keçirildiyini qeyd ediblər.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə 1995-ci ildə Azərbaycan ilə Gürcüstan arasında bağlanan müqaviləyə əsasən siyasi, iqtisadi, hərbi və kommunikasiya sahələrində yeni mərhələyə qədəm qoyulub.

Çıxışlarda, dahi siyasətçilər Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq əlaqələrinin hazırda uğurla davam etdiyi, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrinin Gürcüstanla Azərbaycanı daha sıx birləşdirən amillər olduğu bildirilib. Konfrans iştirakçıları Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında iki dost və qonşu ölkələrin strateji əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini xüsusi qeyd ediblər.

Konfransda, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldılmasından sonra ulu öndər Heydər Əliyev ilə bağlı növbəti konfransın Tbilisi şəhərində keçirilməsi təklif olunub.

Arxiv üzrə axtarış