2020-12-04

Şəhid olan igidlərin əziz xatirəsi yad edildi

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Vətənin ərazi bütövlüyü uğrunda şəhid olan igidlərin əziz xatirəsi yad edildi

4 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev başda olmaqla, bütün Səfirlik heyəti 30 ilə yaxın erməni işğalçılarının tapdağı altında olmuş Vətən torpaqlarının azad edilməsi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad etdi.

Saat 12:00-da Səfirlik kollektivi binanın önündəki Azərbaycan Respublikasının dövlət bayrağı altında yiğışaraq şəhidlərin müqəddəs ruhları şərəfinə sükut dəqiqəsini gözlədi. Sonra Səfir F.Quliyev əməkdaşlara müraciət edərək, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış şanlı qələbənin tarixi əhəmiyyətini bir daha vurğuladı və şücaət nümunəsi olan Vətən müharibəsinin şəhidləri ruhlarının şad olduqları barədə əminlik ifadə etdi.

Xatirə mərasimi Səfirliyin ərazisində Azərbaycan Respublikasının dövlət bayrağının kölgəsində işğaldan azad olunmuş Tərtər rayonunun Suqovuşan qəsəbəsindən gətirilən torpaqda Qarabağın rəmzi olan xarıbülbül çiçəyinin əkilməsi ilə tamamladı.

Arxiv üzrə axtarış