2017-02-23

Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında parlamentlərin böyük rolu var

Gürcüstanda səfərdə olan Milli Məclisin deputatı Elman Məmmədov fevralın 23-də Kutaisidə parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvləri ilə görüşüb.

Görüşdə son illər Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyi bildirilib. Elman Məmmədov gürcü həmkarlarına Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlərdən danışıb.

Qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmindən danışan komitə sədrinin müavini, ehtiyatda olan general mayor Koba Kobaladze Azərbaycan parlamentinin deputatının Gürcüstana səfərini yüksək qiymətləndirib. O, son illərdə Azərbaycanın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sənaye sahəsində inkişafa nail olduğunu bildirib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan Gürcüstan münasibətlərindən danışıb. Əlaqələrimizin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayıb.

Parlamentin diaspor və Qafqaz məsələləri komitəsinin sədri Zviad Kvaçantiradze ermənilərin Xocalıda törətdiklərini böyük faciə adlandırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış