2017-01-20

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbir iştirakçıları səfirliyin foyesində Qanlı Yanvar faciəsini əks etdirən şəkillərdən ibarət fotosərgiyə baxıblar.

Mərasimdə Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Marneuli İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, elm, ictimaiyyət xadimləri, SOCAR-ın, Azərbaycan Beynəlxalq Bankının, Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin Gürcüstan nümayəndəliyinin əməkdaşları, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Dursun Həsənov çıxış edərək Azərbaycan xalqının azadlıq, müstəqillik və müharibə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən söhbət açıb. Bildirib ki, Qanlı Yanvar hadisələri Azərbaycan tarixinin faciəli anı olduğu qədər də, qəhrəmanlıq və şərəfli səhifələrindən biridir. Faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin mərkəzi hakimiyyətdən uzaqlaşdırılması ilə qoyulduğunu vurğulayan diplomat deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkar aksiya idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Lakin xalqımızın əzmi və mübarizəsi nəticəsində buna nail ola bilmədilər”.

Qeyd olunub ki, o vaxt ümummilli lider Heydər Əliyev bütün maneə və təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirərək başda Qorbaçov olmaqla Bakıda qanlı cinayətə rəvac verən hakimiyyət nümayəndələrini və hərbi rəhbərliyi ifşa etdi. Dahi rəhbərin siyasi iradəsi nəticəsində bu faciəyə siyasi-hüquqi qiymət verildi. Yanvarın 20-nin Ümumxalq Hüzn Günü kimi keçirilməsi də məhz ümummilli lider Heydər Əliyevin xidmətidir.

Diplomat vurğulayıb ki, Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin tapşırığına əsasən, dövlət qurumları, xaricdəki diplomatik nümayəndəliklərimiz bu qanlı faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütəmadi iş aparırlar. Bu tədbirlərin nəticələridir ki, dünya ictimaiyyəti faciə barədə daha çox məlumat əldə etməkdədir.

D.Həsənov təəssüf hissi ilə xatırladıb ki, Sovet imperiyası 1989-cu il aprelin 9-da dost və qardaş gürcü xalqına qarşı da eyni qanlı divan tutub. Müstəqillik uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi daim ehtiramla yad olunur.

Sonra qubernator Paata Xzinaşvili, deputat Mahir Dərziyev, Gürcüstan Ağsaqqallar Şurası sədrinin müavini Mayak Neymətov, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Saridon Zedelaşvili və başqaları çıxış edərək Sovet imperiyasının 1989-cu ilin aprelində Gürcüstanda, 1990-cı ilin yanvarında Azərbaycanda törətdiyi qırğınların səbəblərindən danışıb, paralellər aparıb. Qeyd ediblər ki, bu qanlı hadisələr xalqlarımızın mübarizə əzmini qıra bilmədi, əksinə, daha da möhkəmləndirdi.

Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Həmin gün Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun təşəbbüsü ilə səfirliyin və konsulluğun əməkdaşları, Azərbaycan şirkətlərinin nümayəndələri Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsində və dünyada tanıdılmasında böyük xidmətləri olmuş Ümummilli Liderimizin Tbilisinin mərkəzindəki Heydər Əliyev parkındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzülüb.

Sonra 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Arxiv üzrə axtarış