2016-07-05

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfirliyində olub

ATƏT Parlament Assambleyasının 25-ci illik sessiyasında iştirak etmək üçün Tbilisidə səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti iyulun 5-də ölkəmizin Gürcüstandakı səfirliyində olub.

Səfir Azər Hüseyn Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin inkişaf perspektivləri, bu ölkədə yaşayan azərbaycanlıların gürcü ictimaiyyətinə inteqrasiyası barədə söhbət açıb.

Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Assambleyanın son iclasında qəbul olunmuş qərarlar, deputatlarımızın müzakirələrdə fəal iştirakı barədə danışıb. O, Azərbaycan parlamentinin deputatı Azay Quliyevin səs çoxluğu ilə ATƏT PA-nın vitse-prezidenti seçildiyini xatırladıb, onun növbəti üç il ərzində ölkəmizi Assambleyada yüksək səviyyədə təmsil edəcəyinə əminliyini bildirib.

Söhbət zamanı Azərbaycan dövlətinin son illər ərzində əldə etdiyi uğurlardan danışılıb, deputatımızın ATƏT PA-nın vitse-prezidenti seçilməsi Prezident İlham Əliyevin xarici siyasətinin uğuru kimi qiymətləndirilib. Bu siyasətin daha da inkişaf edəcəyinə, Azərbaycan nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda daha böyük uğurlar qazanacağına əminlik ifadə edilib.

Arxiv üzrə axtarış