2016-06-26

Tiflisdə Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümü qeyd olunub

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümü təntənəli şəkildə qeyd olunub. Tədbirdə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümünə həsr olunan təntənəli tədbiri Azərbaycanın Silahlı Qüvvələrinin Gürcüstandakı hərbi attaşesi, polkovnik  Xəzər Abbasov açaraq çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycan Silahlı Qüvvələrinin yaradılma tarixi haqqında ətraflı məlumat verib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi, polkovnik  Xəzər Abbasov çıxışında Azərbaycan və Gürcüstan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın genişləndirildiyini və inkişaf etdirildiyini qeyd edib.   

Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümünə həsr olunan təntənəli tədbirdə Gürcüstan Silahlı Qüvvələrinin qərargah rəisi general-mayor Vaxtanq Kapanadze, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri və əməkdaşları, Gürcüstanda akkreditə olunan müxtəlif  dövlətlərin hərbi attaşeləri, həmçinin diplomatik korpus rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, gürcü və Azərbaycan jurnalistləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi attaşe, polkovnik Xəzər Abbasov jurnalistlərə açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin getdikcə gücləndiyini və torpaqlarımızı azad etməyə qadir olduğunu bildirib: “Son aprel hadisələrində Azərbaycan maddi-texniki, istərsə mənəvi-psixoloji cəhətdən düşməndən qat-qat üstün olduğunu nümayiş etdirib. Azərbaycan regionda öz sözünü deyən dövlət və xalqdır.

Mən inanıram ki, bizim ordu işğal altında olan torpaqlarımızı tezliklə azad edəcək və biz o torpaqlarda əmin-amanlıqla yaşayacağıq”, - deyə  X. Abbasov vurğulayıb.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümü münasibətilə ziyafət verilib.

Arxiv üzrə axtarış