2015-09-25

Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Respublikasının xarici işlər nazirinin müavini Eduardo Zuaininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Azərbaycanın Cənubi Amerika regionu ölkələri, xüsusilə Argentina ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğuladı.

Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov iki ölkə arasında xarici işlər nazirlikləri səviyyəsində mütəmadi əsasda keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd etdi.

Eduardo Zuain Azərbaycana ilk dəfə səfər etdiyini deyərək ölkəmizin qısa müddətdə əldə etdiyi sosial-iqtisadi inkişafı ilə bağlı xoş təəssüratlarını bölüşdü. Azərbaycan və Argentina arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini qeyd edən Eduardo Zuain iki ölkə arasında sənaye, energetika, kənd-təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu söylədi.

Birgə səylər vasitəsilə iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi məqsədilə tezliklə hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsi ilə əlaqədar müsbət niyyət ifadə olundu.  

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Argentina arasında mövcud olan əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulandı.

Görüş zamanı BMT Baş Məclisinin qarşıdan gələn sessiyasının gündəliyində duran məsələlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı

Arxiv üzrə axtarış