2016-05-10
Tiflisdə Heydər Əliyevin anım mərasimi keçirilib

Tiflis. Nizami Məmmədzadə-APA. Mayın 10-da Tiflisdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdən öncə Azərbaycan səfiri Azər Hüseyn və səfirlik əməkdaşları, işgüzar dairələrin təmsilçiləri, ictimaiyyət nümayəndələri və ziyalılar  Heydər Əliyevin Tiflis və Rustavi şəhərlərindəki büstünə gül dəstələri və əklil qoyaraq, onunun xatirəsini ehtiramla yad ediblər.

Sonra Tiflisdəki səfirliyin binasında azərbaycanlı və gürcü ziyalılarının, Gürcüstanın ali məktəblərində təhsil alan tələbələrin iştirakı ilə Heydər Əliyevin 93-cü ildönümü qeyd olunub. Tədbirdə Azərbaycan səfirinin birinci müavini Dursun Həsənov, səfirliyin mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxış edərək ulu Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, Azərbaycan və gürcü xalqının tarixi dostluğunun möhkəmləndirilməsi və həmçinin Gürcüstanın iqtisadiyyatının inkişafındakı tarixi rolundan, gənclərə göstərdiyi qayğıdan, həmçinin Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyadan söhbət açıblar.

Sonra Heydər Əliyev haqqında film nümayiş etdirilib.

Gürcü kinoşunas  Giorgi Toradze APA-ya açıqlamasında Heydər Əliyevdən bəhs edən iki film çəkdiyini bildirib. Onun sözlərinə görə, o, şəxsən H. Əliyevi görməsə  də,  filmlərin çəkilişi zamanı bu böyük insanı sevib:  “Mən Heydər Əliyev və onun ailəsi haqqında  “Dənizdən-dənizə”,  “Dostluq etalonu” filmlərini çəkmişəm. Heydər Əliyevi hər bir gürcü tanıyır”.

“SOCAR Georgia Petroleum”un direktoru David Zubitaşvili jurnalistlərə açıqlamasında Heydər Əliyevin anım gününün ənənəvi olaraq hər il Tiflisdə qeyd olunduğunu bildirib: “Onun adı həmişə qalacaq. Heydər Əliyev gürcü və Azərbaycan xalqı arasında mehriban dostluq münasibətlərinin inkişafında vacib rol oynayıb. Mən Heydər Əliyev ilə iki dəfə görüşmüşəm. Bu dəqiqələr mənim üçün heç vaxt yaddan çıxmayacaq. O, bizim xalqın gələcəyini  düşünən və onun çətin günlərdən xilaskarı olub. Gürcü xalqı heç vaxt bu böyük insanı unutmayacaq”. 

 

növbəti xəbər əvvəlki xəbər

 
bakushop